Basketbol Liqasında 26-cı turun son oyununda “Zirvə Astara” və “Olimpik Şəki” qarşılaşıb.
Astara Olimpiya İdman Kompleksində keçirilən görüşə qonaqlar fəal başlayıblar və ilk periodda 19:15 hesabı ilə irəli çıxıblar. İkinci hissədə meydan sahibləri vəziyyəti xeyirlərinə dəyişiblər. Komandalar böyük fasiləyə “Zirvə Astara”nın 46:42 hesablı üstünlüyü ilə yollanıb. Sonrakı periodlarda da təşəbbüsü əldən verməyən cənub təmsilçisi yekunda 92:82 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basletbolçusu 27 xal və 9 asistlə “Olimpik Şəki”nin üzvü Larri Robinson olub. Bu qələbə sayəsində xallarının sayını 32-ə çatdıran “Zirvə Astara” 7-ci pillədə qərarlaşıb. Komanda sonuncu yerdə gedən “Olimpik Şəki”ni 4 xal qabaqlayır. Turnir cədvəlinə 45 xalla “Sabah” başçılıq edir. Eyni xala malik NDT ikincidir. Onlardan bir xal az toplayan “Neftçi” isə ilk 3-lüyü tamamlayır. 27-ci turun oyunları aprelin 19-dan 23-dək keçiriləcək.